ADPU-nun əməkdaşları Şamaxı filialının 30 illik yubileyi ilə əlaqədar Şamaxıda olublar

 

27 may 2022-ci il tarixində tarixlərində Şamaxı rayon İcra hakimiyyəti (ŞRİH), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” Respublika elmi konfransı keçirilib.

Keçirilən tədbirlərdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, universitetin struktur rəhbərləri, həmçinin Filologiya fakültəsinin dekan vəzifəsini icra edən, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Nağı qızı Hüseynova, Elmi işlər üzrə dekan müavini Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova Şamaxıda olublar.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, digər struktur rəhbərləri, Şamaxı filialının direktoru Tünzalə Yusifova, həmçinin Şamaxı rayonu İcra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdən öncə Şamaxı rayonunda yerləşən Şəhidlər xiyabanını,


ümummilli lider Heydər Əliyevin abidəsini və Mirzə Ələkbər Sabirin "Ev muzeyi"ni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Ziyarətlərdən sonra Şamaxı rayon Mədəniyyət Mərkəzində ADPU-nun Şamaxı filialının 30 illik fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Yubiley mərasimi mərkəzin konfrans zalında davam etdirilib. Azərbaycan Respulikasının Dövlət Himni səslənəndən sonra torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov Şamaxı filialının regionun təhsil həyatında oynadığı roldan bəhs edərək filialın kollektivini yubiley münasibətilə təbrik edib. Cənab başçı filialın maddi-texniki və tədris bazasına görə heç də paytaxtda yerləşən ali təhsil ocaqlarından fərqlənmədiyini xüsusi vurğulayıb və eyni zamanda, “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının işinə uğurlar arzulayıb. Tahir Məmmədov Şamaxı filialının 30 illik yubileyi, həmçinin pedaqoji sahədəki səmərəli fəaliyyətlərinə görə filialın bir qrup əməkdaşına Fəxri fərman təqdim edib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı tərəfindən filialın bir qrup əməkdaşı da Fəxri fərmanla təltif olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov 100 yaşı tamam olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet olmasından bəhs edərək qeyd edib ki, son 100 ildə 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları hazırlayan ADPU və onun filialları, o cümlədən Şamaxı filialı da bölgələrdə uğurla fəaliyyət göstərərək müasir baxışlı müəllim kadrlarının yetişdirilməsinə töhvə verirlər. Çıxışdan sonra professor Cəfər Cəfərov Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən filialın bir qrup əməkdaşına təltiflər təqdim edib.

Tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin Amasya Uiversitetinin dosenti Metin Hakverdioğlunun video təbrikinin nümayişi maraqla qarşılanıb.

Yubiley təbriklərinin ardınca Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova bütün tədbir iştirakçılarını bir daha salamlayaraq 30 ildə filialın keçdiyi inkişaf yolundan bəhs edib və bildirib ki, hazırda bütün ali təhsil müəssisələri kimi, Şamaxı filialı da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğının nəticəsində günü-gündən inkişaf edir.

Tədbir “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının mövzusuna həsr olunmuş çıxışlarla davam etdirilib. Filialın müəllimi Rima Quliyeva görkəmli maarifpərvər şair Mirzə Ələkbər Sabirin yaradıcılığının müxtəlif aspektlərinə toxunaraq maraqlı məruzə edib.
Çıxışların yekununda Yubiley tədbiri bədii hissə ilə davam etdirilib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur