Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində prof. Mahirə Hüseynova və prof. Sayalı Sadıqovanın "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası" (Bakı, Elm nəşriyyatı, 2023, 372 səh.) monoqrafiyası ədəbi ictimaiyyətə təqdim olunmuşdur. Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Nüfuzlu elmi-akademik heyətin - akademik Nizami Cəfərov və prof. Nadir Məmmədli - redaktorluğu ilə ərsəyə gələn əsərin rəyçiləri tanınmış dilçi-alimlər prof. Rüfət Rüstəmov, prof. İsmayıl Məmmədli və fil.ü.f.d. Səbuhi Qəhrəmanovdur. 3 fəsil 16 yarımfəsildən ibarət monoqrafiyada ulu öndərin dövlətçilik və dil quruculuğu siyasəti, dövlət dil konsepsiyası, istər sovet dövrü, istərsə də müstəqillik illərində Azərbaycan dilinin inkişafı, qorunması və təbliğində yorulmaz fəaliyyəti və həyata keçirdiyi islahatlar təkzibolunmaz faktlarla əksini tapmışdır. Müəlliflər ümummilli liderin Azərbaycan əlifbasının tətbiqi, dilin inkişaf konsepsiyası, dilimizin dövlət dili kimi hüquqi status qazanması üçün apardığı dl siyasətini tarixilik baxımından analitik təhlilə cəlb etmiş, Heydər Əliyevin dil siyasəti konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə dilçi-alim kimi sayqı və ehtiramlarını əminliklə ifadə etmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur