Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 30 dekabr 2021-ci il tarixli iclasında qəbul edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2022-ci il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı”nın 2.1. bəndinə əsasən “akademik heyət və tələbələrin intensiv ingilis dili kurslarına cəlb edilməsi və ingilis dilinin mənimsənilməsi üçün uyğun mühitin yaradılması” fəaliyyət istiqaməti üzrə ardıcıl tədbirlər çərçivəsində ingilis dili bacarıqlarının yüksək olduğunu düşünən 280 nəfərədək əməkdaş və tələbənin ödənişsiz olaraq ingilis dili bacarıqlarının qiymətləndirilməsi prosesinə başlanılıb.

Universitetin Xarici Dillər Mərkəzi ilə birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi  və ABŞ-nin Azərbaycandakı səfirliyinin İngilis dili üzrə proqramının mütəxəssisi Nancy Ackles ilə aparılmış məsləhətləşmələr nəticəsində mayın 7-də ADPU-da imtahana müraciət edənlərin  B1 və B2 səviyyələrinin qarşığından ibarət kağızəsaslı yazılı ilkin pre-test imtahanı təşkil olunub. ADPU-nun Bakıdakı əsas binasında İmtahan-monitorinq Mərkəzi tərəfindən təşkil edilən imtahanlarda 190 nəfər, filiallarında isə 90 nəfərədək namizəd iştirak edib. Proqram ümumilikdə Amerikalı mütəxəssis Nancy Ackles, Universitetin Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə Hacıyeva, müdir müavini Günay Alıyeva, mərkəzin əməkdaşları Mirvari Qasımova, Yasəmən Babayeva və Bənövşə Əsgərovanın daxil olduğu Müsabiqə Komissiyası tərəfindən hazırlanıb və koordinasiya olunur. Pre-testdə mümkün 100 baldan 71 və dah çox bal  toplayan şəxslər ikinci mərhələdə Xarici Dillər Mərkəzinin əməkdaşlarından ibarət  Müsabiqə Komissiyasında şifahi imtahanlarda  iştirak edəcəklər. Hər iki mərhələdən uğurla keçmiş şəxslər müvafiq istiqamətverici təlimlərdən sonra İELTS imtahanlarında iştirak edəcəklər. Həmçinin  hər iki mərhələni keçməmiş şəxslər üçün uzunmüddətli onlayn ingilis dili kurslarının təşkili nəzərdə tutulub. Qeyd edək ki, Müsabiqə Komissiyasının üzvləri və ADPU-nun İmtahan-monitorinq Mərkəzinin müdiri Asəf Kazımov imtahan prosesinin gedişini yerində izləyərək iştirakçılara uğurlar arzulayıblar.  


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur