Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclasdan öncə ADPU-nun fakültə və filialları, Pedaqoji Kollec, həmçinin müvafiq elmi-təşkilati strukturların fəaliyyətini əks etdirən elmi əsərlərdən ibarət sərgi təşkil edilib. Böyük marağa səbəb olan sərgidə Pedaqoji Universitetin dövri-elmi jurnalları, 100 illik yubiley nəşrləri, habelə hər bir strukturun ərsəyə gətirdiyi elmi əsərlər, kitab, dərslik, monoqrafiya və məqalələr nümayiş olunub.
Error
ADPU-nun rektoru professor Cəfər Cəfərov giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, bu gün görkəmli aftolmoloq alim Zərifə Əliyevanın doğum günüdür. Elmi-pedaqoji ictimaiyyət olaraq böyük alimin xatirəsini ehtiramla yad edirik.
Rektor bildirib ki, ötən il universitet üçün xeyli əlamətdar keçib. Elmi-innovativ inkişaf, beynəlxalq əməkdaşlıq, infrastrukturun və təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli irəliləyişlər əldə edilib.
Daha sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov ADPU-nun 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə geniş hesabatla məruzə edib. Prof. A.Zamanov bildirib ki, elm-təhsil-innovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2030: gələcəyə baxış” İnkişaf konsepsiyasında və“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə son illər ADPU-da bir sıra işlər görülür və 2021-ci ildə belə işlər daha geniş vüsət almışdır.
Prorektor vurğulayıb ki, Universitetdə 2021-ci ildə 742 nəfər əməkdaş elmi-tədqiqat işlərinə cəlb edilmiş, 54 istiqamətdə, 83 problem, 425 mövzu üzrə tədqiqat aparılmış, 65 iş tədris prosesində tətbiq olunmuşdur. Aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında 33 monoqrafiya, 20 dərslik, 70 dərs vəsaiti, 197 proqram və metodik vəsait, 686 məqalə (32-si impakt faktor göstəricili jurnalda) və s. çap olunmuş, habelə əməkdaşların elmi əsərləri müabiqələrə təqdim olunmuşdur. ADPU-nun 7 dövri-elmi jurnalı yüksək elmi və poliqrafik səviyyədə müntəzəm olaraq nəşr olunmuşdur.
Prof. A.Zamanov diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bütün elmi strukturlarda gəncləşdirmə işləri aparılır və ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurası vasitəsilə gənc tədqiqatçıların fəaliyyəti əlaqələndirilir. Tədqiqatları stimullaşdırmaq məqsədi ilə müsabiqələr keçirilir. Həmçinin, ADPU-da 2021-ci ildə 3 beynəlxalq, 10 Respublika və onlarla universitet səviyyəli elmi konfranslar keçirilmişdir.
Şura hesabatı müsbət qiymətləndirib və iclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.