Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətindəki əvəzsiz rolu

 

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Parlaq siyasi zəkaya və istedada malik olan Heydər Əliyev bənzərsiz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitası sırasında özünəməxsus yerə malik idi. O, çıxışlarının birində demişdir: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqa bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. Ulu Öndər həqiqətən də, ömrünü xalqa qurban vermiş, onun dilimizə, milli-mənəvi dəyərlərimizə, zəngin mədəni irsimizə xüsusi qayğısı sayəsində xalqımız yeni mədəni inkişaf dövrünə qədəm qoymuşdur.
Azərbaycan dili qədimdən xalqımızın milli mənliyi, ən qiymətli və əvəzolunmaz sərvəti sayılıb. Belə söz var ki, əgər bir milləti məhv etmək istəyirsənsə, onun dilini əlindən al. Sovet rejimi dövründə xalqımız öz dilindən və milli-mənəvi dəyərlərindən uzaq salınmışdı. Əlifbamız tez-tez dəyişdirilir, ad və soyadlarımız, şəhər və kəndlərimizin adları ruslaşdırılırdı. Bununla da, bizi kökümüzdən uzaqlaşdırmağa çalışırdılar. Lakin Heydər Əliyevin uğurlu siyasəti nəticəsində millətimiz üçün böyük faciə doğura biləcək bu cür mənfi halların qarşısı qətiyyətlə alındı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi isə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyası ilə təsbit olundu və bu hadisənin müəllifi Heydər Əliyev idi. Artıq müstəqil Azərbaycan Respublikasının prezidenti olan Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında belə demişdir: “Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan dili dövlət dilidir” yazılaraq təsbit edildi”.
Ümummilli liderimiz Heydər Əliyev 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” fərmanlar imzaladı. Dövlət başçısının fərmanları Azərbaycan dilinin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, tarixi yaddaşımıza və milli-mədəni dəyərlərimizə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. 1994-cü il 26 noyabrda Bakı Dövlət Universitetinin 75 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev öz nitqində bu sözləri demişdir: “Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görülmüşdür. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu Öndərin bu çıxışından bir daha bunu anlayırıq ki, o, ana dilimizi hər zaman yüksək qiymətləndirmiş, onu xalqın ən böyük milli sərvəti adlandırmışdır.
Azərbaycan xalqının mənəvi-əxlaqi inkişafına diqqət yetirən Heydər Əliyev üçün dil məsələsi hər zaman əhəmiyyətli olmuşdur. Ümummilli lider Azərbaycan yazıçıları ilə müxtəlif görüşlərində bu məsələyə mənəvi-əxlaqi problemlər nöqteyi-nəzərindən yanaşmış, təhsil, maarif-məktəb, elmi-pedaqoji sahələrdə ana dilinin inkişaf etdirilməsinə ayrıca qayğı göstərmişdir.
XXI əsrdə dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməmiş, o, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görmüşdür. Ulu Öndərin respublikamızda türk xalqlarının nümayəndələri ilə apardığı görüşlərdə özünəməxsus yüksək mədəniyyət və diplomatik gedişlə dil siyasətini necə həyata keçirdiyini görürük. Heydər Əliyev 6 fevral 2003-cü ildə Bakı şəhərində TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-cu toplantısının iştirakçılarını qəbul edərkən türk xalqlarının birliyi ilə bağlı çox mühüm məqamları çatdıraraq dilimizin eyni kökdən olmasını, müstəqil mədəniyyət, ənənələrimizin müştərək mənəvi dəyərlərimiz olduğunu, babalarımızın həmişə bir yerdə olub, bir kökdən gəldiyini bildirmişdir. Ümummilli liderin Azərbaycan dilinə olan münasibətini onun məşhur çıxışındakı bu sözlərində bir daha görürük: “Dilimiz çox zəngin və ahəngdar dildir. Dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sevir və bu dildə danışmağımla fəxr edirəm. Bir də mən ona görə fəxr edirəm ki, azərbaycanlıyam!”

ADPU-nun Filologiya fakültəsinin Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xoşbəxt Əliyeva


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur