Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun Ad günüdür.

 

Bu gözəl gün münasibəti ilə ADPU-nun Filologiya fakültəsinin və Beynəlxalq əlaqələr prorektorluğunun rəhbərliyi və kollektivi adından Cəfər müəllimi təbrik edir, möhkəm can sağlığı, uzun ömür, elmi-pedaqoji və təşkilati işlərində uğurlar arzulayırıq.
Cəfər müəllim öz dəsti-xətti ilə seçilən görkəmli ziyalılarımızdandır. Onun Azərbaycan təhsil sisteminin inkişafında, modern təhsilin tətbiqində gördüyü işlər danılmazdır.
Professor Cəfər Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirdiyi pozitiv və fundamental islahatlar Azərbaycan təhsil sisteminə verilən ən dəyərli töhfələrdəndir. Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirib, ADU-nun Tarix fakültəsinə daxil olub. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin Tarix fakültəsində davam etdirib. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olub, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. Moskvada təhsil aldığı dövrdə Azərbaycanlı Tələbə və Aspirantlar Şurasının sədr müavini olub. 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (1989-cu ildən BDU) Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1990-1994-cü illərdə BDU-da Tarix üzrə İxtisaslaşmış Dissertasiya Şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini, 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olub.
2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində işləyib. Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında“Elektron Hökumət” layihəsinin icraçılarından biri, 2000-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşən Müasir Məsələlər üzrə Təqaüdlər Proqramının qalibi olub. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olub. 2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilib, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləyib. 2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olub.
17 fevral 2010-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. 2013-cü ildən professordur.
2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə professor Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin edilib. 2013-2016-cı illərdə “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının baş redaktoru olub. 2016-2019- cu illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları üzrə Dissertasiya Şurasının sədri vəzifəsini icra edib. 2019-cu ildən isə ADPU-nun nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya Şurasının sədridir.
Hazırda “ADPU-nun Xəbərləri”, “Təhsildə İKT”, “Tarix, insan və cəmiyyət” jurnallarının baş redaktoru, “Azərbaycan məktəbi”, “Kurikulum” və Moskvada nəşr edilən “İnsan kapitalı” (“Человеческий капитал” Журнал Московского университета) elmi-praktik jurnallarının, “Kommunikologiya” (“Коммуникология”) beynəlxalq elmi jurnalının, Rusiya Dövlət Humanitar Universitetinin “Avrasiya tədqiqatları. Tarix. Politologiya. Beynəlxalq müna sibətlər” elmi jurnalının (Вестник РГГУ. Серия «Евразийские исследования. История. Политология. Международные отношения». Научный журнал) redaksiya heyətinin üzvüdür. Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu (ESRUC) İcraedici Şurasının üzvüdür. 2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının xarici qiymətləndiricisi (ekspert) seçilib. 12 dekabr 2017-ci ildə Avstriyanın IMC/FH KREMS Universitetinin fəxri doktoru adına layiq görülüb.
90-dan çox kitabın, tədris-metodiki vəsaitin, elmi məqalənin müəllifidir. 36 xarici ölkədə keçirilən 100-dən çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olub.
ABŞ-da təhsil alan Azərbaycanlı Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019) medalları və müxtəlif media mükafatları ilə təltif edilib.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medallarına layiq görülən prof.Cəfər Cəfərov 17 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Hörmətlə,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Mahirə Hüseynova


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur