18 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynovanın təşəbbüsü, Meh Ədəbi Dərnəyinin təşkilatçılığı ilə Filologiya fakültəsində tələbələr arasında "Qarabağda infrastrukturun qurulması" adlı debatın l mərhələsi keçirilib.
Layihə rəhbəri Filologiya fakültəsinin baş müəllimi Samirə Babayeva olan debat təxminən 3 saat davam edib. Müsahibə yolu ilə seçilən debatçı gənclər növbəti mərhələyə keçmək uğrunda mübarizə aparıblar.
Filologiya fakültəsinin müəllimlərinin müşahidəsi ilə həyata keçirilən debat Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Milli Ordusunun qəhrəman əsgərlərinin şücaəti nəticəsində Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımızda yenidən, dünya standartları çərçivəsində infrastrukturun qurulması mövzusu ilə müxtəlif mövqelərdən çıxış edən gənclərin fikirləri əsasında qurulmuşdur.
Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov vurğulayıb ki, bu cür debatlar gənclərin ictimai sferada aktivliyinin təmin edilməsində önəmli rol oynayır. Bəyənilən haldır ki, gənclərimiz elm, millət və dövlət qayğısına qalmaq mövzusunda bir-biri ilə yarışırlar.
Debatın ilk mərhələsində qalib olan 7 nəfər tələbə növbəti, final mərhələsinə keçməyə vəsiqə qazanıblar.
Qalibləri təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur