Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

İBRAHİM BAYRAMOV
(filologiya elmləri doktoru, professor )

İbrahim Məhəmməd oğlu Bayramov  25 yanvar 1954-cü ildə  Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1961-ci ildə indiki Ermənistan Respublikası Krasnoselo rayo­nunun Toxluca kənd orta məktəbinə qəbul olunmuş, 1971-ci ildə həmin məktəbi bitirib İrəvanda yerləşən X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuş, 1975-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1975-ci ildə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. 1977-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun qiyabi aspiran­turasına qəbul olmuş, 1977-1981-ci illər­də aspiranturada oxumuşdur.

“Müasir Azərbaycan   ədəbi dilinin xalq  danışıq dili hesa­bına zən­gin­ləşməsi yolları” (leksika və frazeologiya) mövzu­sunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elm­ləri namizədi alimlik dərəcəsi almışdır. 1987-1988-ci illərdə Kras­noselo rayonunun Toxluca kənd orta məktəbində direktor işləmişdir. 1988-ci ilin dekabrında doğulub boya-başa çatdığı doğma yurdundan deportasiya olunmuşdur.

1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitenin  “Azərbay­can dilinin onomalogiyası” elmi-tədqiqat laboratori­yasına müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə həmin universitetin Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edil­mişdir. 12 dekabr 1995-ci ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş,  hal-hazırda bu kafedranın professorudur.

2001-2003-cü illərdə ADPU-nun TEC-in sədri, 2002-2003-cü illər­də ADPU-nun ixtisasartirma və yenidənhazırlanma fakültəsinin dekanı işləmişdir. 2003-cü ildən ADPU-nun  ma­gistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda 2005-2007-ci illərdə ADPU-nun tədris-metodika şöbəsinin müdiri, 2003-2007-ci illərdə universitetin elmi şurasının elmi katibi vəzifələrini də yerinə yetirmişdir. 2007-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “Ermənistanın türk mənşəli topo­nimlərinin tarixi-linqvistik analizi” mövzusunda doktorluq disserta­siyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2009-cu ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasına professor vəzifəsinə seçilmişdir.

İ.Bayramov 2009-cu ildən ADPU-nun nəzdində fəaliyyət göstərən N 02.061 Dissertasiya Şurasının üzvüdür. O, 130 elmi məqalənin, “Azərbaycan dili” ixtisasının magistr səviyyəsi üzrə 1 proqramın müəllifidir.“Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” (1995), “Историческая география Западного Азербайджана” (kollektiv,1998), “Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi yolları”(1999), “Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti” (2000), “Qərbi Azərbaycanın türk mənşəli toponim­ləri”(2002), “Qərbi Azərbaycanın toponimlər sistemi”(2005), “Qərbi Azərbaycan şivələrinin leksikası”(2010) monoqra­fiyalarıı çap olunmuşdur.

Ailəlidir. 3 övladı var.