Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

CƏFƏR CƏFƏROV
(filologiya elmləri doktoru, professor )

Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur.

C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktə­bini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respubli­kasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar.

C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dil­çi­liyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifə­lərində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında do­sent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafed­rasında professor vəzifəsində çalışır.

C.Cəfərov 1965-ci ildə “Azərbaycan dilində inkarlığın ifadə vasitələri” mövzusunda namizədlik, 1992-ci ildə “Müasir Azərbaycan dilində keçid prosesləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, yüzdən artıq elmi məqalənin, “Nitq hissələrində keçid prosesləri” (1983), “Müasir Azərbaycan dilində inkarlığın ifadə vasi­tələri” (2000) adlı monoq­rafiyaların, “Müasir Azərbaycan dilinin mor­fologiyası” (N.Abdullayevlə birlikdə, 2004) dərsliyinin, “Linqvistik təh­lil nümunələri” (N.Abdullayevlə birlikdə, 2004) dərs vəsaitinin müəllifidir.

C.Cəfərov dilçilik üzrə təşkil olunmuş müxtəlif konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı məruzələrlə çıxış etmişdir. Onun müəllim və dilçi kadrlarının yetişdirilmə­sində əməyini xüsusi qeyd etmək olar.

C.Cəfərov BDU-nun nəzdində filologiya və jurnalistika elmləri doktoru və namizədlik alimlik dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.